X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində sərginin fəxri yazarı Rövşən Abdullaoğlunun oxucularla görüşü keçirilib.
Yazıçı əvvəlcə birillik fəaliyyəti haqqında məlumat verib, əsərlərinin ölkə daxilində və hüdudlarından kənarda uğurlu sədasından bəhs edib.
R.Abdullaoğlu son bir il ərzində daha çox ictimai fəaliyyətlə məşğul olduğunu diqqətə çatdıraraq həm kitabların tanıdılması, həm də Mədəniyyət Nazirliyinin qrant layihəsi çərçivəsində təhsil müəssisələrində uşaqlar arasında psixoloji sağlamlığın təmin edilməsi ilə bağlı görüşlər keçirdiyini vurğulayıb. Film sahəsində də yeniliklərin olduğunu – “Bu şəhərdə kimsə yoxdur” əsəri əsasında 40 seriyalıq film ssenarisi yazdığını qeyd edən yazıçı filmin artıq çəkildiyini və ilk fəslinin yayımlandığını xatırladıb.
“Ölkə hüdudlarından kənarda da bir sıra fəaliyyətlərimiz oldu: kitabla bağlı sərgilər və tədbirlərdə iştirak etdik. Xarici ölkələrdən aldığımız “Abaddon” və digər əsərlər əsasında film çəkilməsi, kitabların tərcümə edilib satılması ilə bağlı təklifləri dəyərləndirməyi düşünürük. Ümid edirəm ki, artıq gələn il xarici kanallarda əsərlərimə çəkilmiş filmlərin birincisini izləmək şansımız olacaq”.
Görüş zamanı yazıçı “Bu şəhərdə kimsə yoxdur” əsərinin 7 dilə tərcümə olunduğu, sərgiyə isə kitabın Azərbaycan dilində otuzuncu nəşrinin gətirildiyi xəbərini də oxucuları ilə bölüşüb.
“Bu onu göstərir ki, ölkəmizdə kitaba maraq, sevgi var. Bu, ümumilikdə Azərbaycan yazıçılığı adına uğurdur. Bizim sahədə rəqib yoxdur, hamımız eyni cəbhədə döyüşürük. Kitaba marağın olması həm də oxucuların intellektual səviyyəsinin göstəricisidir və cəmiyyət üçün böyük nailiyyətdir. Çünki xarici ölkələr əsəri tərcümə və çap etmək istəyəndə onun öz ölkəsində oxunma səviyyəsinə diqqət edirlər.
Kanadanın çox tanınmış bir yayım evi məhz bu rakursdan yanaşaraq “Bu şəhərdə kimsə yoxdur” əsərini tərcümə və nəşr etdi. Kitabımın təqdimat mərasimi bu il Frankfurtda beynəlxalq kitab sərgisində keçiriləcək. Orada imza mərasimi də olacaq. Bu, ölkə ədəbiyyatının beynəlxalq arenaya çıxması deməkdir və, əminəm ki, növbəti nəsillərin də bu sahədə böyük işlər görməsinə gətirib çıxaracaq. Çünki ölkəmizdə potensiallı gənclər çoxdur. Bir kitab bir ölkənin taleyini dəyişə bilər – bir xalqı ya süquta, ya da inkişafa aparar. Nə əldə ediriksə, mütaliə və təhsillə əldə edirik. Hər birimiz kitablardan bəhrələnmişik. Əldə etdiyimiz nailiyyətləri kitablara borcluyuq”, – R.Abdullaoğlu bildirib.
Onun sözlərinə görə, əgər yazıçı öz əsərini yazanda ağlamırsa, oxucu da ağlamayacaq.
“Kitabı yazdığım müddətdə onun təsirində oluram. Əsərlərimin ilk oxucusu özüməm. Əgər məni qane edirsə, mənə təsir edirsə, deyirəm ki, oxucuya da təsir edəcək. Əsl yazıçı öz əsərini, personajlarının hər birinin daxili aləmini hiss edə biləndir. Özünü həmin obrazların yerinə qoyaraq onların hisslərini yaşayırsansa, əsər gözəl alınacaq. Əgər həmin anda eyni əhvalı yaşaya, ab-havanı duya bilmirəmsə, o hissəni saxlayıb əsərin başqa bir hissəsini yazıram. Ancaq yarım qalan hissə ağlımda qalır və bir müddət sonra qəfildən həmin dialoqu necə tamamlayacağımla bağlı fikirlər yaranır. Dərhal bu fikirləri bir kənara qeyd edib sonradan üzərində işləyirəm. Ona görə də kitablarım hissə-hissə yaranır, ardıcıl olaraq tamamlanmır. Hansısa hissəni yazanda özümü məcbur etmirəm. Bəzən isə bir neçə tablonu paralel olaraq çəkməyə başlayıram. Yəni paralel olaraq bir neçə əsər işləyə bilirəm. Əsərlərimdə insanlara çatdırmaq istəyirəm ki, hər neqativ insanın içində bir nur, hər nurlu insanın içində bir zülmət var. Bir insan mələyə də çevrilə bilər, iblisə də. Odur ki istənilən insanı tamlığı ilə nurani və yaxud zülmət bir varlıq kimi dəyərləndirə bilmərik”, – deyən yazıçı əsas amalının oxuculara fayda vermək olduğunu bildirib.
Tədbir zamanı yazıçıya əsərlərinin gözdən əlillər üçün səsləndirilmiş audio formatı da hədiyyə edilib. Daha sonra 6 saata qədər davam edən imza mərasimi baş tutub.